Təmərküzləşmə səviyyəsi və təmərküzləşmələrin qiymətləndirilməsi Qaydaları
- Vugar Mammadov

- 5 days ago
- 4 min read

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2026-cı il tarixli 258 nömrəli Qərarı ilə “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası” və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qaydalar nəyə xidmət edir? Qısa məzmunda və bəsit dillə birlikdə nəzərdən keçirək.
İlk növbədə, müvafiq bazarda təmərküzləşmə səviyyəsi dedikdə müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar paylarının hansı səviyyədə təmərküzləşdiyini, müstəqil rəqiblərin (şəxslər qrupuna daxil olmayan) sayını (mövcudluğunu), bazar paylarının müəyyən subyektlərin əlində cəmləşib-cəmləşmədiyini və ya bazarın daha çox müstəqil sahibkarlıq fəaliyyəti formasında fəaliyyət göstərib-göstərmədiyini müəyyən etməyə imkan verən ölçü başa düşülür.
Bu ölçmənin aparılması üçün beynəlxalq səviyyədə qəbul edilmiş Herfindal-Hirşman İndeksindən (HHİ) istifadə olunur. Belə ki, müvafiq məhsul və coğrafi bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmlənməsi və ya həmin cəmin 100-ə bölünməsi yolu ilə HHİ əldə edilir.
Məsələn, müvafiq bazarda fəaliyyət göstərən A (30%), B (40%), C (10%), D (3%), E (2%), F (1,5%), G (1,2%), H (1,8%), I (5,5%) və J (5%) bazar paylarına malikdirsə, müvafiq bazarda HHİ təqribən 26,8% təşkil edir. HHİ 25%-dən yuxarı olduqda müvafiq bazarda təmərküzləşmə səviyyəsi yüksək qiymətləndirilir, yəni müvafiq bazar yüksək təmərküzləşmiş – az rəqabətli bazar hesab edilir.
“Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” (bundan sonra – Qayda) isə rəqabət orqanı tərəfindən təmərküzləşmələrə razılıq verilməsi zamanı nəzərə alınan meyarları və hansı hallarda təmərküzləşmələrin rəqabətə zidd hesab edildiyini müəyyən edir. Belə ki, Rəqabət Məcəlləsinin 28.2-ci maddəsində ümumi qayda kimi ölkənin bütün ərazisində və ya onun bir hissəsində müvafiq bazarda, yaxud ölkədaxili digər bazarlarda rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən, hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən və ya nəticələnə bilən təmərküzləşmələr qadağan edilir.
Qaydada da təmərküzləşmələr nəticələrinə görə həmin əsaslarla qiymətləndirilir:
1. Hökmran mövqenin yaradılması
Təmərküzləşmənin hökmran mövqe yaratdığını necə güman etmək olar? İlkin cavab belədir ki, təmərküzləşmə iştirakçılarının bazar paylarının toplanması və yaranacaq təsərrüfat subyektinin bazar payının hökmran mövqe hesab edilməsi ilə.
Ancaq nəzərə almaq lazımdır ki, təmərküzləşmə iştirakçılarının bazar paylarının toplanması üçün iştirakçılar eyni müvafiq bazarda fəaliyyət göstərən rəqiblər olmalıdır. Əks halda, rəqib olmayan subyektlərin bazar paylarının toplanması bizə düzgün nəticə verməz, çünki onların hər biri müxtəlif müvafiq bazarda bazar payına malikdir. Ona görə də hökmran mövqenin yaradılmasının ölçülməsi məqsədilə bazar paylarının toplanması yalnız rəqib olan təsərrüfat subyektləri arasındakı təmərküzləşmələrə, yəni üfüqi təmərküzləşmələrə aiddir.
Rəqib olmayan və təsərrüfat fəaliyyətinin (təchizat zəncirinin) müxtəlif pillələrində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında baş verən təmərküzləşmələrdə, yəni şaquli təmərküzləşmələrdə, iştirakçıların hər ikisinin öz müvafiq bazarında hökmran mövqedə olması təmərküzləşmənin hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən və ya nəticələnə bilən kimi qiymətləndirilməsi üçün əsas hesab edilir.
Aydındır ki, şaquli təmərküzləşmələrdə tərəflərin bazar payları toplana bilməz. Buna görə də Qayda şaquli təmərküzləşmənin hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələndiyini tərəflərin toplanmış bazar payına görə deyil, onların hər birinin öz müvafiq bazarında hökmran mövqedə olub-olmamasına əsasən qiymətləndirir.
Burada diqqət çəkən məqam odur ki, müvafiq müddəa təmərküzləşmə iştirakçılarının hər ikisinin hökmran mövqedə olmasını tələb edir. Bu başadüşüləndir, əgər bu meyar üçün yalnız iştirakçılardan birinin hökmran mövqedə olması kifayət sayılsaydı, hökmran mövqedə olan təsərrüfat subyektinin təchizat zəncirinin digər pilləsində fəaliyyət göstərən istənilən subyekti əldə etməsi, həmin subyektin bazar payı çox kiçik olsa belə, hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən kimi qiymətləndirilə bilərdi. Məsələn, hökmran mövqedə olan istehsalçının kiçik bir distribyutoru əldə etməsi zamanı da, əməliyyatın rəqabətə real təsiri ayrıca araşdırılmadan, bu nəticəyə gəlinə bilərdi. Bu isə təmərküzləşmələrin rəqabətə konkret təsirinin qiymətləndirilməsindən kənara çıxaraq şirkətlərin biznes qərarlarına həddindən artıq müdaxilə riski yarada bilərdi.
2. Hökmran mövqenin gücləndirilməsi
Artıq məlum olduğu kimi, üfüqi təmərküzləşmələrdə hökmran mövqenin gücləndirilməsi meyarı yenə də HHİ göstəricisinin səviyyəsi və (və ya) bazar paylarının toplanması nəticəsində Qaydada müəyyən edilmiş meyarların mövcud olub-olmamasına əsasən müəyyən edilir.
Şaquli təmərküzləşmələrə münasibətdə isə, yuxarıda qeyd edildiyi kimi, hökmran mövqenin yaradılması və gücləndirilməsi meyarları birgə nəzərdə tutulmuşdur.
3. Rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən təmərküzləşmələr
Üfüqi təmərküzləşmələrə münasibətdə, əsasən, təmərküzləşmə nəticəsində qiymətlərin artması, bazarda müstəqil rəqiblərin sayının azalması və bununla bazar iştirakçıları arasında koordinasiya imkanlarının genişlənməsi, habelə təmərküzləşmə iştirakçılarının qonşu bazarlarda bazar gücünün artması qiymətləndirilir. Üfüqi təmərküzləşmələr eyni müvafiq bazarda fəaliyyət göstərən rəqib və ya potensial rəqib olan təsərrüfat subyektləri arasında baş verdiyindən, əsasən, onların həmin bazardakı rəqabətə üfüqi təsirləri – birgə və koordinasiya olunmuş təsirlər rəqabətin məhdudlaşdırılıb-məhdudlaşdırılmadığını müəyyən etmək üçün əsasdır və müvafiq olaraq araşdırılır.
Şaquli təmərküzləşmələrə münasibətdə, əsasən, təmərküzləşmə nəticəsində təchizat zəncirində asılılığın və bazara giriş maneələrinin yaranması və ya güclənməsi, alternativ təchizat imkanlarının məhdudlaşması, habelə digər bazar iştirakçılarının rəqabət imkanlarının zəifləməsi qiymətləndirilir. Şaquli təmərküzləşmələrdə təchizat zəncirinin müxtəlif pillələrində fəaliyyət göstərən subyektlərin təmərküzləşməsi nəzərdə tutulduğundan, rəqabətin məhdudlaşdırılıb-məhdudlaşdırılmadığının qiymətləndirilməsi, əsasən, asılılıq, bazara çıxış və digər bazar iştirakçılarına maneələrin yaradılması – yəni şaquli təsirlər baxımından aparılır.
Digər təmərküzləşmələrə (nə üfüqi, nə də şaquli münasibətdə olmayan təsərrüfat subyektləri arasındakı təmərküzləşmələrə) münasibətdə isə, əsasən, təmərküzləşmə nəticəsində məhsulların əlaqələndirilməsi və bir məhsulun alınmasının digərinin alınması ilə şərtləndirilməsi, bir bazarda əldə edilmiş müştəri məlumatlarından digər bazarda üstünlük əldə etmək üçün istifadə edilməsi, habelə rəqiblərin xammal, şəbəkə, təchizat sistemi və digər mühüm resurslara çıxışının məhdudlaşdırılması qiymətləndirilir. Burada nə üfüqi münasibətdə olduğu kimi eyni bazarda böyümədən, nə də şaquli münasibətdə olduğu kimi təchizat zəncirinin müxtəlif pillələrinin birləşdirilməsindən söhbət gedir. Buna görə də belə təmərküzləşməyə daxil olmanın arxasında duran biznes məqsədinin və təmərküzləşmə nəticəsində bir sahədə əldə olunan imkan və üstünlüklərin digər sahədə necə istifadə edilə biləcəyinin rəqabətə təsiri ön plana çıxır. Rəqabət orqanının qiymətləndirməsi də məhz bu imkanların məhsulların əlaqələndirilməsi, müştəri məlumatlarından istifadə və ya mühüm resurslara çıxışın məhdudlaşdırılması vasitəsilə rəqabətə mənfi təsir göstərib-göstərməməsinə yönəlir.
Qaydada həmçinin qeyd edilir ki, təmərküzləşmənin Rəqabət Məcəlləsinin 28.3-cü maddəsində nəzərdə tutulan müvafiq texnoloji, səmərələşdirici və ya digər rəqabətdəstəkləyici nəticələri həmin bazarda rəqabəti məhdudlaşdırma təsirindən üstün olduqda, istehlakçıların mənafeyinə ziyan vurmadıqda və bu nəticələrin başqa üsullarla əldə edilməsi mümkün olmadıqda, hökmran mövqenin yaradılması və ya gücləndirilməsi, yaxud rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən hallar mövcud olsa belə, Rəqabət Məcəlləsində və Qaydada nəzərdə tutulan şərtlər daxilində rəqabət orqanı tərəfindən təmərküzləşməyə əlavə şərtlərlə razılıq verilə bilər.
Müəllif: Cəmilə Məcidli















