top of page
Abstract Sphere

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik

  • Writer: Vugar Mammadov
    Vugar Mammadov
  • Aug 6
  • 2 min read

Qanun korporativ hüquq və investisiya münasibətlərinin tənzimlənməsi baxımından bir sıra mühüm yenilikləri nəzərdə tutur. Bununla beynəlxalq praktikada geniş tətbiq olunan bir neçə hüquqi institut ilk dəfə Azərbaycan qanunvericiliyinə daxil edilir, eyni zamanda mövcud hüquqi mexanizmlər təkmilləşdirilir.


Bu yazıda Qanunla qəbul edilmiş əsas dəyişikliklərə və onların praktik əhəmiyyətinə qısa şəkildə nəzər salırıq.


Qanunun ən mühüm yeniliklərindən biri korporativ müqavilənin Mülki Məcəllədə ayrıca hüquqi institut kimi tənzimlənməsidir. Yeni müddəalara əsasən, cəmiyyətin iştirakçıları (səhmdarları), habelə qanunda nəzərdə tutulmuş hallarda cəmiyyətin özü korporativ hüquqların həyata keçirilməsi və cəmiyyətin idarə edilməsinə dair korporativ müqavilə bağlaya biləcəklər.


Korporativ müqavilədə səsvermə qaydası, cəmiyyətin idarə edilməsi, payın (səhmin) özgəninkiləşdirilməsi, idarəetmə orqanlarına namizədlərin irəli sürülməsi, investisiya edilmiş vəsaitlərin istifadəsi, qorunan məsələlər üzrə qərar qəbul edilməsi, mübahisələrin həlli və digər məsələlər tənzimlənə bilər. Bundan əlavə, Mülki Məcəllədə korporativ müqavilədən irəli gələn öhdəliklərin təmin edilməsi üsulları, həmin öhdəliklərin pozulmasının nəticələri, eləcə də korporativ müqavilə ilə nizamnamə arasındakı münasibətlərə dair ayrıca müddəalar da yer alır.


Digər bir yenilik payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqların qanunvericilik səviyyəsində ayrıca tənzimlənməsidir. Yeni müddəalar üstünlük hüququ (Right of First Refusal – ROFR), birgə satış hüququ (Tag-along) və məcburi satış hüququnun (Drag-along) tətbiqi qaydalarını müəyyən edir. Bu hüquqlar iştirakçıların (səhmdarların) mənafelərinin qorunmasına, eləcə də payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı münasibətlərin daha çevik şəkildə tənzimlənməsinə xidmət edir.


Mülki Məcəlləyə əlavə edilən digər mühüm yeniliklərdən biri konvertasiya edilən maliyyə alətlərinin qanunvericilik səviyyəsində tənzimlənməsidir. Bununla investisiya münasibətlərində uzun müddətdir tətbiq olunan bir sıra maliyyələşdirmə alətləri ilk dəfə Mülki Məcəllədə öz əksini tapır.


Yeni müddəalar konvertasiya edilən borc müqaviləsini və gələcək iştirak payı (səhm) haqqında müqaviləni əhatə edir. Konvertasiya edilən borc müqaviləsinə əsasən, investorun cəmiyyətə verdiyi borc müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaiti kimi geri qaytarılmaq əvəzinə paya (səhmə) konvertasiya oluna bilər. Gələcək iştirak payı (səhm) haqqında müqavilə isə borc münasibəti yaratmadan investora gələcəkdə müəyyən şərtlər daxilində cəmiyyətdə iştirak payı (səhm) əldə etmək hüququ verir.


Eyni zamanda, qanunda bu müqavilələrin bağlanması, konvertasiyanın baş vermə halları, investorun hüquqlarının qorunması, habelə qiymətləndirmənin yuxarı həddi (valuation cap) və endirim dərəcəsi (discount rate) kimi mexanizmlərin tətbiqinə dair müddəalar da nəzərdə tutulur. Qanun işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələri də ilk dəfə ayrıca tənzimləyir. Yeni müddəalara əsasən, cəmiyyət işçiləri və idarəetmə orqanlarının üzvləri ilə gələcəkdə əvvəlcədən müəyyən edilmiş şərtlərlə pay (səhm) əldə etmək hüququnu nəzərdə tutan müqavilələr bağlaya bilər. Bununla yanaşı, bu müqavilələrin uçotunun aparılması və onların icrası məqsədilə xüsusi pay (səhm) fondunun yaradılması ilə bağlı məsələlər də qanunvericilikdə öz əksini tapır.


"İnvestisiya fondları haqqında" Qanuna edilən dəyişikliklərlə vençur kapitalı fondlarının fəaliyyətini tənzimləyən ayrıca müddəalar qəbul edilir. Beləliklə, vençur kapitalı fondu ilk dəfə ayrıca investisiya fondu növü kimi qanunvericilikdə təsbit olunur və onun yaradılması, fəaliyyəti, idarə olunması və investisiya istiqamətləri üzrə xüsusi qaydalar müəyyən edilir.


Yeni tənzimləməyə əsasən, vençur kapitalı fondları rəqəmsal texnologiyaların və innovasiya məhsullarının hazırlanması, istehsalı və təkmilləşdirilməsi ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, habelə "Startap" şəhadətnaməsi almış və qanunvericilikdə nəzərdə tutulmuş digər meyarlara cavab verən sahibkarlıq subyektlərinə investisiya yatırılması məqsədilə fəaliyyət göstərəcək. Qanunda fondların hüquqi formaları, fəaliyyət rejimləri, borclanma imkanları, hesabatlılığı və idarə olunmasına dair ayrıca müddəalar da müəyyən edilir.


Dəyişikliklərdən biri də peşəkar investor anlayışının qanunvericiliyə daxil edilməsidir. Eyni zamanda, "Valyuta tənzimi haqqında" Qanuna rəqəmsal səyyahların, startapların, vençur kapitalı fondlarının və akkreditə edilmiş investorların valyuta əməliyyatlarının xüsusiyyətlərini müəyyən edən yeni müddəalar əlavə edilir.


Qanunun tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:


Müəllif: Fatimə Əliyeva


 
 

Son Paylaşımlar

Əlaqə

imageedit_9_5166315861.jpg

İdarəedici Partnyor

+994 12 490 75 59

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2026 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page