top of page
Abstract Sphere
  • Writer's pictureRəşad Məhəmmədzadə

ÖDƏNİŞLƏR BAZARI ÜÇÜN YENİ TƏLƏBLƏR: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna nəzər

Uzun çəkən müzakirələrdən sonra Milli Məclis 14 iyul 2023-cü il tarixində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu (“Qanun”) qəbul etdi. Bu əhəmiyyətli qanunvericilik aktı Azərbaycanda ödəniş xidmətləri, ödəniş sistemləri və inkişaf etməkdə olan maliyyə texnologiyaları (fintex) sektorunu tənzimləyən yeni hüquqi bazanı özü ilə bərabər gətirir. Yeni Qanun, eyni zamanda, ödənişlər bazarının iştirakçıları üçün daha ciddi tələblər müəyyən edir.


2023-cü il, oktyabrın 14-dən qüvvəyə minəcək Qanun, ödəniş təşkilatları (“ÖT”) və elektron pul təşkilatlarını (“EPT”) əhatə edən ödəniş xidməti təchizatçılarının (“ÖXT”), habelə ödəniş sistemi operatorları (“ÖSO”), banklar və bank olmayan kredit təşkilatlarının öz fəaliyyətlərini 14 aprel 2024-cü ilə qədər Qanunun müddəalarına uyğunlaşdırmasını tələb edir. Bu uyğunlaşdırma zəruri lisenziyaların əldə olunması və məcburi qeydiyyat prosedurunun yerinə yetirilməsini də ehtiva edir.


Hazırki yazımızda bu mühüm Qanunun təməl prinsiplərini, önəmli xüsusiyyətlərini və potensial təsirini nəzərdən keçirəcəyik.


ATILMALI ADDIMLAR BARƏDƏ QISA XÜLASƏ


Aşağıda Qanunun tələblərinə riayət etmək üçün bazar iştirakçıları tərəfindən görülməli bəzi tədbirlərlə tanış ola bilərsiniz:

  • Qanunun tənzimləmə dairəsinə daxil olan təşkilatlar (qeyri-bank ÖXT-lər, ÖSO-lar, banklar, bank olmayan kredit təşkilatları) bizneslərinin qanuniliyini təmin etmək və hüquqi riskləri azaltmaq üçün 14 aprel 2024-cü il tarixinə qədər bütün lazımi hüquqi və texniki tədbirləri görməlidir;

  • Kapital tələblərikorporativ tələblər ilk diqqətə alınmalı məsələlər sırasındadır. Hal-hazırda fəaliyyətdə olan özəl qeyri-bank ÖXT-lər Mərkəzin Bankın müəyyən etdiyi kapital tələblərini yerinə yetirməyə məcburdurlar. Bundan əlavə, rəhbər və menecer vəzifələrinə tələb olunan keyfiyyətlərə malik şəxslərin təyin olunması, eləcə də mühüm iştirak payına sahib iştirakçıların (səhmdarların) və benefisiar mülkiyyətçilərin Qanunun normalarına uyğunluğunun gözdən keçirilməsi də zəruridir.

  • Qeyri-bank ÖXT-lər 14 aprel 2024-cü il tarixinədək lisenziya almalıdırlar, əks halda, onların ödəniş xidmətləri göstərməsi mümkün olmayacaq. Əlavə olaraq, ÖSO fəaliyyəti ilə məşğul olmağı planlayan qurumların da lisenziya üçün müraciət etməsi vacibdir.

  • Növbəti addım isə mövcud hüquqi bazalarınıbiznes əməliyyatlarını yenidən gözdən keçirmək olmalıdır. Qanun ÖXT-lərin məşğul ola biləcəyi fəaliyyət növlərini məhdudlaşdırdığına görə, onlar diqqətlərini müstəsna olaraq ödəniş xidmətləri və digər icazə verilən fəaliyyətlərə yönəltməlidirlər.

  • Digər önəmli tədbirlər texniki infrastrukturla əlaqədardır. ÖXT-lərin ödəniş əməliyyatlarının təhlükəsizliyi və davamlılığını, xətasız ödəniş avtorizasiyasını, gücləndirilmiş müştəri autentifikasiyasını və müştəri məlumatlarının qorunmasını təmin etmək məqsədilə, yeni proqram təminatı və tətbiqlər hazırlanması, qabaqcıl texnoloji həllərdən istifadə və başqa tədbirlər də daxil olmaqla, öz texniki potensiallarını yenidən qiymətləndirmələri və inkişaf etdirmələrinə ehtiyac duyulur. Eyni zamanda, müqavilələrin bağlanması və müştərilərlə sonrakı kommunikasiya proseslərini avtomatlaşdırmaq da onlar üçün lazımlı ola bilər.


İndi isə Qanunun məqsədləri və məzmunu ilə tanış olmaq üçün ona daha dərindən nəzər salaq:


QANUNA EHTİYAC YARADAN BAŞLICA SƏBƏBLƏR VƏ QANUNUN İDEYALARI


Qanunun qəbulundan öncə Mərkəzi Bank ödəniş kartları, prosessinq fəaliyyəti, habelə mərkəzləşdirilmiş və ani ödəniş sistemlərinə aid qaydalar qəbul etmişdi. Buna baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən qeyri-bank ÖXT-lərə aid hüquqi tənzimləmə mövcud deyildi.


Kredit kartı və onlayn ödəniş tətbiqlərindən istifadənin və ödəniş alətləri vasitəsilə dövriyyədə olan vəsaitlərin artması fonunda, hər hansı hüquqi tənzimləmənin olmaması istifadəçilərin əlverişsiz mühafizəsinə, ödəniş metodlarının və fərdi məlumatların təhlükəsizliyinin zəif olmasına, ÖT-lər, EPT-lər, banklar və istifadəçilər arasındakı münasibətlərin qeyri-müəyyənliyinə və digər problemlərə gətirib çıxarırdı. Qanunvericiliyin fintex sahəsindəki son texnoloji irəliləyişlərə cavab verməsinə ehtiyac duyulurdu. Digər tərəfdən, ödəniş texnologiyaları vasitəsilə baş verə biləcək çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi fəaliyyətləri ilə bağlı narahatlıqlar da gündəmdə idi.


Sadalanan məsələlər ÖT-lər, EPT-lər və ÖSO-ların statusunu müəyyənləşdirən yeni qanunvericilik təşəbbüsünə zəmin hazırladı. Yeni Qanun açıq bankçılıq konsepsiyasına əsaslanmaqla, ödəniş xidmətləri və sistemləri üçün möhkəm hüquqi struktur yaratmaq, ödəniş xidmətlərinin çərçivəsini müəyyənləşdirmək, istehlakçıların mühafizəsini gücləndirmək və ödənişlər sahəsində şəffaflığı və stabilliyi təmin etmək məqsədi güdür.


QANUNUN ƏSAS MÜDDƏALARI


Qanunun diqqət çəkən cəhətlərini aşağıda təqdim edirik:


- Ödəniş xidmətlərinin dairəsi – Qanunun tənzimlədiyi ödəniş xidmətləri ödəniş hesabları vasitəsilə aparılan mədaxil/məxaric əməliyyatlarını, kredit köçürməsi, birbaşa debitləşdirmə, kredit kartları və digər ödəniş alətləri ilə əməliyyatları, ödəniş alətlərinin emissiyası və istifadəsini, pul köçürmələrini, elektron pul emissiyasını və onunla əməliyyatları, eləcə də ödəniş vasitəçiliyi və hesab məlumat xidmətlərini əhatə edir.


Bununla belə, ödəniş xidmətlərinin dairəsinə nağd valyuta mübadiləsi, vəsaiti alanlara birbaşa ödənilən nağd ödənişlər, yalnız həmin ödəniş alətini emissiya edənin müəssisəsində mal və xidmətlərin alışında istifadə edilə bilən ödəniş alətləri ilə əməliyyatlar, akkreditiv, veksel, çek və inkassolar ilə aparılan ödəniş fəaliyyətləri və digər bəzi növ əməliyyatlar daxil deyil. Məsələn, bəzi mağazaların təqdim etdiyi endirim və bonus kartları Qanunun tənzimləmə sahəsinə aid deyil, beləliklə, ÖXT-lər üçün nəzərdə tutulmuş xüsusi tələblər bu mağazalara şamil olunmur.


- ÖXT-lər və ÖT-lər – Yalnız Mərkəzi Bankın, Azərpoçtun, bankların, bank olmayan kredit təşkilatlarının, habelə lazımi qaydada lisenziya əldə etmiş ÖT-lər və EPT-lərin Qanunla tənzimlənən ödəniş xidmətlərini göstərmək hüququ var. Bankların bu cür ödəniş xidmətlərini təqdim etməsi üçün ayrıca lisenziyaya ehtiyacları yoxdur, lakin, onlar elektron pul emissiyası, onunla əməliyyatlar, ödəniş vasitəçiliyi və hesab məlumat xidmətləri ilə bağlı fəaliyyətləri barədə Mərkəzi Bankı qabaqacadan məlumatlandırmalıdırlar. Bank olmayan kredit təşkilatları isə elektron pul, ödəniş vasitəçiliyi və hesab məlumat xidmətləri istisna olmaqla, digər ödəniş xidmətlərini müstəsna olaraq kreditlə əlaqədar məqsədlər üçün göstərə bilər.


ÖT-lər elektron pulla bağlı xidmətlərdən başqa müxtəlif ödəniş xidmətlərini göstərən, Azərbaycan mərkəzli şirkətlər və ya xarici qurumların Azərbaycandakı filialları kimi təsis olunmuş, lisenziyalaşdırılmış qeyri-bank ÖXT-lərdir. Bu qurumlar Mərkəzi Bankın təyin etdiyi limitlərdən aşağı olmayan yetərli kapitala malik olmalıdırlar. Sadəcə hesab məlumat xidmətlərini təqdim edən ÖT-lər üçün lisenziya almaq öhdəliyi yoxdur, lakin, onların Mərkəzi Bank tərəfindən qeydiyyata alınması tələb olunur. Ümumilikdə, ÖT-lər Mərkəzi Bankı xəbərdar etməklə xaricdə öz filiallarını aça və ya xarici ÖXT-lərlə əməkdaşlıq edə bilərlər.


Qanun ÖT-lər, EPT-lər və ÖSO-larda ən azı 10 faiz paya malik mühüm iştirak paylı iştirakçılar, eləcə də bu qurumların benefisiar mülkiyyətçiləri üçün konkret kriteriyalar təsbit edir. O, əlavə olaraq, ÖXT və ÖSO-ların icra orqanlarının rəhbərləri üçün uyğunluq şərtlərini müəyyən edir.


- EPT-lər və xüsusi tələblər – Azərpoçtdan və banklardan başqa, sadəcə Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılan EPT-lərin elektron pul emissiya etməyə və elektron puldan istifadə etməklə əməliyyatlar həyata keçirməyə səlahiyyətləri var. Bu cür EPT-lər istifadəçilər üçün ödəniş hesabları aça bilərlər. Təcrübədə, EPT-lər istifadəçilərə müxtəlif cür ödənişlər üçün yararlana biləcəkləri kart əsaslı və ya tətbiq əsaslı elektron pullar təqdim edə bilərlər. Qeyd etmək vacibdir ki, Qanunun tənzimlədiyi elektron pullar milli valyutaların rəqəmsal ekvivalenti olmaqla kriptovalyutalardan fərqlənir.


EPT-lər müştərilərin ödəniş hesablarına yatırılan vəsaitləri xüsusi açılmış bank hesablarına qoymaq, onları sığortalamaq, bank qarantiyası əldə etmək və ya aşağı riskli aktivlərə investisiya etməklə mühafizə etmək öhdəliyini daşıyır. Onlar bu mədaxil olunmuş vəsaitləri istifadə edərək kreditlər verə bilməz. Bundan əlavə, EPT-lər istifadəçiləri xidmət qaydaları, şərtləri, qiymətləri, təhlükəsizlik tədbirləri, fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə bağlı informasiya və digər əlaqədar detallarla təchiz etməlidir. İstifadəçilərin öz elektron pul hesablarındakı vəsaitin qalıq dəyərini tələb etmək hüququ var.


- Ödəniş sistemləri və ÖSO-lar – Qanundan əvvəl “ödəniş sistemləri” adlandırılan çoxtərəfli pul köçürməsi sistemlərini yaratmaq və idarə etmək səlahiyyəti yalnız Mərkəzə Banka məxsus idi. Misal üçün, Mərkəzi Bank Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS), Ani Ödənişlər Sistemi (AÖS) və bənzərləri kimi mühüm ödəniş sistemlərini təqdim etmişdi.


Yeni Qanuna əsasən, bir ÖSO (bu Mərkəzi Bank və ya lisenziya almış bir hüquqi şəxs ola bilər) ödəniş sistemi yarada bilər. Bunun üçün həmin ÖSO ən azı üç iştirakçı ilə müqavilə bağlayır və ödəniş sisteminin fəaliyyətini tənzimləyən qaydaları hazırlayır. Sistem iştirakçıları arasında hesablaşmalar prosesi onların hesablaşma agenti kimi çıxış edən Mərkəzi Bank və ya lisenziyalı banklarda açılmış hesablar vasitəsilə həyata keçirilir.


Qanun ÖSO-lar üçün kapital, texniki təhlükəsizlik, daxili nəzarət və risklərin idarəedilməsi öhdəliklərini, eləcə də onların rəhbər heyətləri üçün təhsil, təcrübə və məhkumluğun olmaması ilə tələbləri müəyyən edir. Bundan başqa, ÖXT-lərin mühüm iştirak payına malik iştirakçılarına aid müddəalar ÖSO-ların da müvafiq iştirakçılarına tətbiq olunur.


- Lisenziyalaşdırma və qeydiyyat – Son Qanun ÖXT-lər və ÖSO-lar tərəfindən lisenziyaların əldə olunması prosedurlarını, eləcə də müstəsna olaraq hesab məlumat xidmətlərini göstərən ÖT-lər üçün qeydiyyat prosesini müəyyən edir. Bu proseslər Mərkəzi Bank tərəfindən idarə edilir və nəzarətdə saxlanılır.


- Müştərilərlə müqavilələr – ÖXT-lər bir qayda olaraq, ödəniş xidmətlərinin göstərilməsinə başlamazdan əvvəl istifadəçilərlə çox vaxt elektron formada tərtib olunmuş müqavilələr bağlayırlar. Yeni Qanun ÖXT-lərin üzərinə həmin ÖXT ilə bağlı detallar, lisenziya məlumatları, habelə unikal eyniləşdirici kodlar, xidmət haqları, tariflər, əlaqə detalları və təhlükəsizlik məlumatı kimi xidmətlə bağlı xüsusiyyətlər də daxil olmaqla, bütün əlaqəli məlumatlarla istifadəçiləri təmin etmək vəzifəsi qoyur. Bu məlumatlar müqavilənin bağlanmasından öncə hər hansı haqq tələb edilmədən istifadəçilərə təqdim olunmalıdır.


ÖXT-lərin müqavilə şərtlərini 30 gün əvvəlcədən bildiriş verməklə dəyişdirmək imkanı var, amma, onlar yeni valyuta məzənnələrini bu bildiriş müddətini gözləmədən dərhal tətbiq edə bilərlər. ÖXT-lər istifadəçilər tərəfindən müqaviləyə ödənişsiz şəkildə xitam verilməsi üçün maksimum 1 aylıq xəbərdarlıq müddəti müəyyənləşdirə bilər. Müqavilənin ləğvindən sonra, ÖXT-lər istifadəçilərin ödəniş hesablarında qalan məbləği ödənilməmiş xidmət haqlarını çıxmaqla istifadəçilərə qaytarmalıdırlar.


- Ödəniş əməliyyatları – ÖXT-lər ödəniş taprşırıqlarını birbaşa və ya ödəniş vasitəçiləri vasitəsilə icra edə bilərlər. Qanun ÖXT-lərin qarşısına ödəniş əməliyyatlarından əvvəl və sonra ödəyicilərə bütün lazımi məlumatları vermək vəzifəsi qoyur. Onlar ödəniş tapşırıqlarını qəbul etməli və növbəti iş gününün sonundan gec olmayaraq icra etməlidirlər. Bundan savayı, Qanun səhv ödənişlərə görə ÖXT-lərin istifadəçilərə qarşı məsuliyyətini nizamlayır və ödəyicilərin ödənişlərdən imtina şərtlərini müəyyən edir.


ÖXT-lərdən həm də istifadəçilərə hesab məlumatlarını vermək, elektron və ya onlayn şəkildə həyata keçirilən yaxud dələduzluq və ya sui-istifadə riskləri daşıyan əməliyyatlar üçün gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etmək tələb olunur. İtirilmiş və ya oğurlanmış ödəniş alətləri ilə avtorizə olunmamış ödənişlər həyata keçirildiyi hallarda, ÖXT-lərin məsuliyyəti, xüsusi qeyd olunmuş bəzi halları çıxmaq şərtilə, 100 manatla məhdudlaşır. Əlavə olaraq, Qanun ÖXT-lərə təhlükəsizlik səbəbləri və dələduzluğun qarşısının alınması məqsədləri ilə, o cümlədən istifadəçilərin kredit ödənişlərini yerinə yetirə bilməyəcəyi hallarda, ödəniş hesabı fəaliyyətinin müvəqqəti dayandırılması hüququnu verir.


- Şəffaflıq, hesabatlılıq və nəzarət – Ödəniş vasitəçiləri və hesab məlumat xidməti təchizatçıları istisna olmaqla, ÖXT-lər Azərbaycanın çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, hədəfli maliyyə sanksiyaları və valyuta tənzimi ilə bağlı qanunvericiliyinə riayət etməlidirlər. ÖXT-lər və ÖSO-lar, eyni zamanda, hər hansı əməliyyat və ya təhlükəsizlik insidenti ilə bağlı Mərkəzi Banka dərhal məlumat verməlirlər.


Həm ÖXT-lər, həm də ÖSO-lar tərəfindən illik və konsolidə olunmuş maliyyə hesabatları Mərkəzi Banka təqdim olunmalıdır. Bunlardan əlavə, Qanun bu hesabatların illik olaraq müstəqil audit yoxlamasından keçməsini tələb edir.


Qanun ÖXT-lərin öz müştəriləri qarşısında cavabdehliyini təmin etmək məqsədilə, müştəri şikayətlərinə baxılması və nəticələrin müştəriyə bildirilməsi üçün 7 iş günü müddət müəyyən edir.


Mərkəzi Bank ÖXT-lər və ÖSO-ların fəaliyyətin üzərində nəzarəti həyata keçirir. O, ödəniş sistemləri daxilində xidmət haqqı tariflərinin yuxarı həddini müəyyən etmək və bazar iştirakçıları üçün əlavə tələblər qoymaq səlahiyyətinə malikdir. Qaydalara riayət edilməməsi halları aşkarlandıqda, Mərkəzi Bank müəyyən ÖXT-lərin ödəniş xidmətlərini məhdudlaşdıra, filialın fəaliyyətinə son verə, qaydaları pozan ödəniş sistemi iştirakçılarının kənarlaşdırılmasını tələb edə və başqa təshih və preventiv tədbirlər tətbiq edə bilər.


Bunlara əlavə olaraq, Qanun ödəniş xidmətləri sahəsində innovativ məhsullar və xidmətlər üçün xüsusi tənzimləmə rejimi təqdim edir. Bu cür xüsusi tənzimləmə rejiminin müddəti 5 ili ötə bilməz.



Qanunun tam mətni ilə bu səhifədə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/54872


VLM and Partners özünün maliyyə xidmətləri sektorunda geniş təcrübəsi və anlayışı ilə Qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı hüquq dəstək göstərməyə hazırdır.


Əlavə məlumat üçün bizimlə vlm@vlm-az.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Qeyd: Yuxarıdakı yazı yalnız məlumat məqsədlidir, hüquqi məsləhət xarakteri daşımır və hüquqi məsləhət niyyəti ilə hazırlanmamışdır.

Son Paylaşımlar

Əlaqə

imageedit_9_5166315861.jpg

İdarəedici Partnyor

+994 12 490 75 59

bottom of page