top of page
Abstract Sphere
  • Writer's pictureRəşad Məhəmmədzadə

DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI HAQQINDA QANUN YENİ NƏ VƏD EDİR?: QISA XÜLASƏ

Bu Xülasə yeni qəbul olunmuş “Dövlət-Özəl Tərəfdaşlığı haqqında” Qanunun qısa icmalını ehtiva edir.


7 dekabr 2022-ci il tarixində Milli Məclis tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” 691-VIQ nömrəli Qanun (bundan sonra “Qanun”) qəbul edilmiş və 9 dekabr 2022-ci il tarixində qüvvəyə minmişdir. Qanun “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” 15 mart 2016-cı il tarixli qanunu (bundan sonra “Əvvəlki Qanun”) əvəz edir və onu ləğv edir.


Qanundan əvvəlki hüquqi mənzərə


Qanunun qəbul olunmasından əvvəl tikinti, infrastruktur və enerji sahəsində dövlət-özəl sektor tərəfdaşlığı (bundan sonra “DÖST”) Əvvəlki Qanun, “Tik-İdarə et-Təhvil ver” modeli üzrə qaydalar da daxil olmaqla, bir sıra qanunlar və normativ aktlar vasitəsilə tənzimlənirdi. Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılmış və 16 iyul 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin kollegiyası tərəfindən mərkəzin nümunəvi əsasnaməsi təsdiq olunmuşdur.


Qanunun əsas ideyası və prinsipləri


Qanun DÖST sahəsində investorlar və özəl tərəfdaşlar üçün daha şəffaf və rəqabətcil mühit yaratmaq, iqtisadiyyatın müxtəlif sektorlarının inkişafını stimullaşdırmaq, xarici investisiyalar da daxil olmaqla, özəl sektor investisiyalarını cəlb etmək, habelə dövlət xidmətlərinin səmərəliliyi, keyfiyyəti və əlçatanlığını artırmaq və yeni iş yerlərinin yaradılması məqsədini güdür. Qanunun müddəaları qanunun aliliyi, azad rəqabət, şəffaflıq, səmərəlilik, tərəflərin bərabərliyi və maraq-risk balansının qorunması kimi təməl prinsiplərə əsaslanır.


Qanunun əsas xüsusiyyətləri və yenilikləri


Qanun DÖST sahəsində münasibətlərə daha detallı tənzimləmə gətirir, DÖST layihələri üçün yeni sistem müəyyən edir və özəl sektor nümayəndələri üçün yeni imkanlar yaradır. Qanunun əsas özəllikləri bunlardır:

  • Qanun Əvvəlki Qanunla müqayisədə tənzimlənən DÖST layihələrinin əhatə dairəsini genişləndirir (Qeyd: Əvvəlki Qanun “Tik-İdarə et-Təhvil” layihələrinə şamil edilirdi). O, dövlət xidmətlərinin göstərilməsi və bu xidmətlər üçün infrastrukturun yaradılması ilə əlaqədar DÖST layihələrini tənzimləyir.

  • Qanun dövlət satınalmaları, dövlət əmlakının özəlləşdirilməsi və neft-qaz sahəsində fəaliyyətlərə şamil olunmur. Bundan əlavə, bərpa olunan enerji ilə bağlı DÖST layihələri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” 21 may 2021-ci il tarixli qanuna uyğun olaraq tənzimlənməyə və orada təsbit olunmuş güzəştlərdən yararlanmağa davam edəcək.

  • DÖST layihələrini İqtisadiyyat Nazirliyi onların əhəmiyyətini, iqtisadi səmərəliliyini, maliyyə risklərini və bu risklərin bölüşdürülməsini nəzərə alaraq müəyyən edir.

  • İqtisadiyyat Nazirliyi, DÖST layihələrinin siyahısını illik olaraq ictimaiyyətə açıq olan elektron informasiya bazasında dərc edəcək. Bu siyahının dərcindən sonra iştirakda maraqlı olan sahibkarlar layihənin icrası üçün ən uyğun portfelə malik namizədin seçiləcəyi müsabiqədə iştirak üçün müraciət edə bilər.

  • Dövlət orqanları, qurumları, bələdiyyələr və bələdiyyə müəssisələri özlərinin qanunla müəyyən olunmuş səlahiyyətləri çərçivəsində DÖST layihəsində dövlət tərəfdaşı kimi çıxış edə bilərlər.

  • Siyahısı dərc edilmiş layihələrlə yanaşı, sahibkarlar, yeni DÖST layihəsinin yaradılması ilə bağlı öz təşəbbüslərini irəli sürə bilərlər.

  • Qanun özəl tərəfdaş olmaq üçün bir sıra tələblər müəyyən edir. Həmin tələblərə sahibkarın DÖST layihəsinin icrası üçün lazımi təcrübə, maliyyə resursları, maddi və qeyri-maddi əmlak, bilik, innovasiya və texnologiyaya malik olması, korrupsiya, dələduzluq, qeyri-qanuni əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyəti faktının olmaması, sahibkarın iflası və ya ləğvi prosedurlarının mövcud olmaması, sahibkarın yetərli fəaliyyət qabiliyyəti və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilə biləcək əlavə tələblər daxildir. Bunlardan başqa, sahibkar, onun iştirakçıları, benefisiar mülkiyyətçiləri, qanuni nümayəndəsi və icra orqanının üzvləri barəsində hər hansı beynəlxalq sanksiya mövcud olmamalıdır.

  • İqtisadiyyat Nazirliyi özəl tərəfdaşları müsabiqə yolu ilə seçir. Nazirlik iddiaçılardan gələn layihə təkliflərini tərəfdaşa ödənilməli ödənişlərin məbləği, dövlət dəstəyinin həcmi, layihənin müddəti, kompensasiya məbləğləri, risklərin qarşısının alınması və təklifin texniki, estetik-funksional və innovativ xüsusiyyətləri kimi kriteriyaları əsas tutaraq qiymətləndirir.

  • Yalnız bir sahibkarın layihəni icra edə bilməsi, müdafiə və ya təhlükəsizliklə bağlı layihənin icrası, başqa sahibkarlardan gələn təkliflərin meyarlara uyğunsuzluğu və ya seçilmiş tərəfdaşın daha sonra icraya uyğun olmaması kimi hallarda özəl tərəfdaş müsabiqəsiz müəyyən edilə bilər.

  • Bir neçə sahibkar DÖST layihəsini icra etmək üçün müsabiqədə birlikdə iştirak edə bilər.

  • DÖST layihələrinin müddəti 49 ildən çox olmamalıdır.

  • DÖST layihələri dövlət və özəl tərəfdaş tərəfindən yaradılmış birgə şirkət tərəfindən icra oluna bilər. Dövlət tərəfdaşı həmin birgə şirkətin nizamnamə kapitalında, iştirak payı nizamnamə kapitalının 49%-dən yuxarı olmamaq şərtilə, iştirak edə bilər.

  • Xarici tərəfdaşlar və beynəlxalq investorlar DÖST layihələri çərçivəsində bağlanılmış müqavilələr üçün tətbiq edilən hüquq qismində xarici hüququ seçə bilərlər.

  • Özəl tərəfdaşlara DÖST layihələri çərçivəsində mallar, materiallar, avadanlıqlar, gəlirlərin minimum səviyyəsi, satınalmanın minimum səviyyəsi, tənzimlənən qiymətlərin səviyyəsi, subsidiyalar, kreditlər, kapital investisiyaları, müstəsna hüquqlar və kompensasiyalar kimi təminatlar verilə bilər.

  • DÖST layihələri “İnvestisiya fəaliyyəti haqqında” 22 iyun 2022-ci tarixli Qanunla müəyyən olunmuş təşviq tədbirləri, habelə vergi güzəştləri, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalardan yararlanırlar.

  • Özəl və ya dövlət tərəfdaşı DÖST layihəsi başa çatdıqdan sonra əmlak və infrastrukturu satın almaqda üstünlük hüququna malik ola bilər.

  • DÖST layihəsinin tərəfdaşları İqtisadiyyat Nazirliyinə illik olaraq hesabat təqdim edir, Nazirlik isə onu öz rəsmi vebsaytı və elektron məlumat bazasında dərc edir.

  • Nazirlər Kabineti 27 dekabr 2022-ci il tarixindən etibarən 6 ay ərzində DÖST müqavilələri, müsabiqə şərtləri və Qanunun digər aspektləri ilə bağlı daha detallı tənzimləməni müəyyən edəcək.

  • Qanun Əvvəlki Qanuna uyğun olaraq bağlanmış müqavilələrə şamil edilmir və bu müqavilələr Mülki Məcəllə və “İnvestisiya fəaliyyəti haqqında” Qanuna əsasən tənzimlənəcək.


Qanunun tam mətnini aşağıdakı link vasitəsilə rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: https://e-qanun.az/framework/53020


Son Paylaşımlar

Əlaqə

imageedit_9_5166315861.jpg

İdarəedici Partnyor

+994 12 490 75 59

bottom of page