Hazırkı Xülasədə Azərbaycan Respublikasının ərazisində mülki hüquqi müqavilələr ilə əmək münasibətlərinin tənzimlənməsinin yol verilməzliyi öz əksini tapmışdır.
Bu Qanuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (“ƏM”) “əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi” prinsipi əlavə edilmişdir və bu prinsipə uyğun olaraq müvafiq dəyişikliklər və əlavələr edilmişdir.
Bu dəyişikliklərə və əlavələrə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların praktikada geniş istifadə edilən, faktiki olaraq əmək münasibətlərini tənzimləyən mülki hüquqi müqavilələrlə (məsələn xidmət müqavilələləri və s.) rəsmiləşdirilməsinə yol verilmir:
müqavilənin məzmunu standart əmək müqaviləsinin şərtlərini əhatə etdikdə,
müqavilənin forması standart əmək müqaviləsinin formasına uyğun tərtib edildikdə,
tərəflərin münasibətlərinin rəsmiləşdirilməsi üçün əmək kitabçası təqdim edildikdə,
tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda,
tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda,
tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda,
yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması ƏM-in 73-cü maddəsinə uyğun tənzimləndikdə, yəni müqavilədə göstərilən müddət qurtardıqda tərəflər arasında münasibətlər davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur,
yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda,
müqavilədə ƏM-in “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri”, “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”, “Məzuniyyətin növləri”, “İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar” və “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri” maddələrində qeyd edilmiş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.
Yuxarıda qeyd edilən hallardan biri aşkar edildiyi gündən tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmalıdır.